Cümə axşamı, 06 Avqust 2020 07:11

Ruslan Əliyev “Caspian Energy Club” üzvləri ilə görüşüb

Caspian Energy Club-un “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin iştirakı ilə təşkil etdiyi “Online Round Table” çərçivəsində COVID-19 pandemiyası dövründə sahibkarların İstehsalat Birliyi ilə əməkdaşlıq üzrə sual və təklifləri müzakirə olunub. Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxışında qeyd edib ki, təkcə bu ilin 6 ayı ərzində görülən işlərə nəzər yetirsək nəticələr qənaətbəxşdir. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə bütün sahələrdəki kimi bizim də problemlərimiz olub. Çalışmışıq ki, səylə işləyək, abonentlərin müraciətlərini vaxtında, qüsursuzicra edək. “İyul ayının 1-nə olan statistikaya görə Birlikdə qeydiyyatda olan əhali abonentlərinin sayı 2 milyon 284 min 980 təşkil edir. 2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb. 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma davam edir. 6 ay ərzində 583,1 km uzunluğunda yeni qaz xətti çəkilib. “104 Operativ Xidmət” şöbəsi 6 ay ərzində 574 697 müraciət qəbul edib. Xüsusi karantin rejimi tətbiq olunan vaxtlarda müraciətlərin operativ cavablandırılması üçün imkanlar genişləndirilib. «Asan Kommunal», «Asan xidmət» və «KOB» Evi mərkəzləri vasitəsilə 6 ayda 121 733 müştəri müraciətinə baxılıb”.

Sonda Caspian Energy Club-un üzvlərinin sualları cavablandırılıb və səmimi fikir mübadiləsi aparılıb.

Caspian Energy Club-un sədri Telman Əliyev üzv şirkətlərin top-menecerləri adından açıq və səmimi müzakirələrə görə Ruslan Əliyevə minnətdarlığını bildirib.

Xatırladaq ki, “Online Round Table” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların problem və təkliflərinin müzakirəsi üçün Caspian Energy Club tərəfindən yaradılıb.

Sıralarında 50 ölkədən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda təsis olunub. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və qurumun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma rolunu oynayan Caspian Energy Club mütəmadi olaraq “CEO Brunch”, “CEO Lunch”, “Business Tour” və sair kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir. Klubun dünyanın müxtəlif ölkələrində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri var.

Read 288 times Last modified on Cümə axşamı, 06 Avqust 2020 08:32
anniversary
OLDNEW
НОВОСТИ