Четверг, 07 Ноябрь 2024 15:00

“Caspian Energy Club” ADNSU-da növbəti “B2G Forum” təşkil edib

“Caspian Energy Club”ın və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə növbəti “B2G Forum” keçirilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Müasir dövrün tələblərinə uyğun təhsil və əmək bazarının məsələlərini müzakirə etmək məqsədilə baş tutmuş tədbir universitetin elmi heyətini, həmçinin iş dünyasının nümayəndələrini bir araya gətirmişdir.

Telman Əliyev tədbirin rəsmi açılışından sonra universitet rəhbərliyinə dərin təşəkkürünü bildirib, universitet və biznes arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb: “Biznes və təhsil sektoru arasında bir körpü yaratmadan, gənc mütəxəssislərin gələcəyini inşa etmək mümkün deyil. Tələbələrimizin uğurlu karyeraları bizim birgə səylərimizdən asılıdır.”

ADNSU-nun rektor əvəzi Vazeh Əskərov universitetin gənclərin peşə inkişafına verdiyi dəstəyi qeyd edib. “Bizim məqsədimiz, tələbələrimizi müasir iş mühitinə hazırlamaq və onlara karyera imkanları təqdim etməkdir. Bazarın tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsi ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayır”, - Vazeh Əskərov bildirib.

“B2G Forum” Vazeh Əskərovun “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin resursları, əməkdaşlıq imkanları və s.” mövzusunda təqdimatı ilə davam edib.

“ADNSU-nun zəngin akademik bazası və geniş spektrli laboratoriya imkanları tələbələrə və tədqiqatçılara dərin təhsil və araşdırma mühiti təqdim edir. Universitetin sənaye müəssisələri və beynəlxalq akademik qurumlarla əməkdaşlığı, tələbələrin praktiki biliklər əldə etmələrinə və real iş təcrübəsi qazanmalarına şərait yaradır. Bizim məqsədimiz həm yerli, həm də beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq edərək tələbələrimizə dünya standartlarına uyğun təhsil verməkdir,” - Vazeh Əskərov vurğulayıb. 

Daha sonra Telman Əliyev Vazeh Əskərova Fəxri üzvlük sertifikatın təqdim edib.

“B2G Forum” Davos formatlı sual-cavab sessiyası ilə davam edib. Telman Əliyev və Vazeh Əskərov iştirakçılarla aktiv müzakirələr apararaq universitet və biznes arasında tərəfdaşlığın inkişafı, tələbələrin karyerası və işlə təmin olunması kimi mövzulara toxunublar.

Bu sessiyada universitetin və iş dünyasının nümayəndələri, gənc mütəxəssislərin inkişafına dair fikirlərini bölüşərək, tələbələrin iş bazarında uğur qazanması üçün lazım olan bilik və bacarıqların inkişafı ilə bağlı müzakirələr aparıblar. “Gənc mütəxəssislərimizin işlə təmin olunması yalnız akademik biliklərlə kifayətlənməməlidir. Onların praktiki təcrübə qazanması və real iş mühitində fəaliyyət göstərməsi vacibdir”, - deyə Telman Əliyev bildirib.

“B2G Forum”un rəsmi hissəsinin sonunda Vazeh Əskərov “Holberton School” və “AzInşaat Holding”ə “Caspian Energy Club”a üzv olduqlarını təstiq edən sertifikatları təqdim edib.

Rəsmi hissə başa çatdıqdan sonra iştirakçılar networking üçün ayrılmış vaxtda ünsiyyət qurmağa, yeni əlaqələr yaratmağa, müzakirələr aparmağa və fikir mübadiləsi etməyə imkan əldə ediblər.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrinin təyin olunmadığı ölkələrdə “Caspian Energy Club”ın  fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanı formalaşdırılmaqdır.

 

 

 

Read 279 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ