Çərşənbə axşamı, 14 Yanvar 2020 12:08

Fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunmuş 2-ci “Fərqli Fərdlər” konqresi keçiriləcək

Fevralın 15-16-da Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunmuş 2-ci “Fərqli Fərdlər” konqresi keçiriləcək. Builki tədbir “Autizm spektr pozuntusu” (ASP) mövzusunu əhatə edəcək.

Tədbir çərçivəsində autizm anlayışı bilavasitə izah ediləcək və ASP-dən əziyyət çəkən şəxslərin təhsili, gələcək məşğulluğu, eləcə də ailədə yaşam tərzi, ictimaiyyətə inteqrasiyası və digər məsələləri ehtiva edən panellər təqdim olunacaq. Məruzəçilər qismində tanınmış beynəlxalq və yerli mütəxəssislər, habelə ASP-li uşaqların valideynləri çıxış edəcəklər.

Tədbir çərçivəsində fevralın 16-da xarici mütəxəssislərin iştirakı ilə ilk dəfə olaraq “Tətbiqi Davranış Analizi” (“ABA”) mövzusunda konfrans keçiriləcək.  Tədbirin qonaqları arasında ASP-li uşaqların valideynləri, ABŞ, Böyük Britaniya, İtaliya, Rusiya, Türkiyə və Yunanıstanı təmsil edən ekspertlər, pedaqoq və metodistlər, psixoloq və psixoterapevtlər yer alacaqlar.

Konqresin prodüseri Asperger sindromlu və autizmli şəxslərin dəstəyinə həsr olunmuş layihənin rəhbəri Antonina Steynberqdir.

Konqresin məqsədi autizmdən əziyyət çəkən uşaqların inkişafı və tərbiyəsi məsələlərinə ictimaiyyətin diqqətini daha çox yönəltmək, valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq qurmaq və dövlətin tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünə dəstək verməkdir.   

Qeyd edək ki, konqres Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.

Konqresinin tərəfdaş qismində BP çıxış edir. Tədbir “ACE Group Consultants”, “Art Trio”, “Credo Group” və “CTS Translation” şirkətləri tərəfindən dəstəklənir.Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və Edutainment.az təhsil strukturudur. Konqresə təşkilati dəstək verənlər və tərəfdaşlar arasında “Birgə və Sağlam” İctimai Birliyidir.  

Konqresdə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçərək elektron bilet əldə etmək olar.

Qeydiyyat üçün link:

 https://ferqliferdler.az/az-register/

Read 947 times
anniversary
OLDNEW
НОВОСТИ