Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.
Görüşdə Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Bu xüsusda Gəncə avtomobil zavodunda Belarus avtomobil texnikasının istehsalı və bu texnika üçün Azərbaycanın müxtəlif bölgələrində servis mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulandı. Azərbaycanda lift, məişət texnikası, kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, südçülük, ətçilik və quşçuluq üzrə birgə istehsal sahələrinin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinə dair müzakirələr aparıldı. Hökumətlərarası komissiyaya qeyd olunan istiqamətlər üzrə müvafiq tapşırıqlar verildi.
Söhbət zamanı dost ölkə Belarusun şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərində iştirakı məmnunluqla qeyd edildi. Belarusun Baş naziri ölkəmizə səfəri çərçivəsində azad edilmiş ərazilərə gedəcəyini və vəziyyətlə yerində tanış olacağını bildirdi.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.